Nikki…

Hal – hazırda Boris Akunin adlı rus yazıçısının «Черный город» adlı çox maraqlı bir əsərini oxuyuram. Əsərdə 1914 – cü ildə bir rus detektivin Bakıya gəlməsindən, burda onun başına gələn əhvalatlardan bəhs edir. Yazıçı neytral olaraq həmin zaman Bakıda baş verən hadisələr, eyni ərazidə yaşayan ermənilərlə həmin dövrdə olan münasibət, varlı bəylər: bir sözlə həmin dövrü tam şəkildə əks etdirən hadisələr haqda çox maraqlı təsvirlər göstərir.

Əsərin baş qəhrəmanı Fandorin soyadlı şəxs Bakıda tanış olduğu azərbaycanlılar və ermənilər haqda fikirlər söyləyir, sonradan isə özü özünü suçlayır ki, bir insan və ya bir qrup haqda yaranan fikirləri ümumi xalqa aid etmək olmaz.

Fandorinin çox maraqlı bir məşğuliyyəti var: o hər gün “Nikki” adlanan gündəliyə fikirlərini, düşüncələrini yazır ki, beyni dumanlardan xilas olsun. Nikkini heç kim oxumur, o sonradan həmin yazını tullayır, sadəcə fikirlərini özü üçün aydınlaşdırır. Millətlər haqda düşünərkən, Fandorin öz milləti haqda bəzi fikirlər yazır ki, bu mənə çox maraqlı gəldi və qərara gəldim ki, həmin hissəni tərcümə edib paylaşım. Maraqlananlar oxuya bilər.

Mənim xalqımın 2 idioması var ki, mən onlara nifrət edirəm. Çünki bu idiomalar rus millətinin xarakterinin ən pis cəhətlərini özündə əks etdirir. Bizim bütün bəlalarımızın, səbəbi bunlardadır və biz onlardan xilas olmayınca ləyaqətlə yaşaya bilməyəcəyik.

Birinci iyrənc ifadə bizim dildə çox səslənir və bildiyim heç bir dildə analoqu yoxdur: «Сойдет и так» (belə də gedər). Bu ifadəni evi təmizləyən qadın işlədir; qoşunu döyüşə hazırlayan general işlədir; düşünülməmiş qanunu qəbul etməyə tələsən deputat da işlədir. Ona görə də bizim ölkədə hər şey baş – ayaqgedir, sanki biz bu ölkədə müəyyən bir müddətə yaşayırıq və bizdən sonra gələnləri düşünməməliyik.

Məni iyrəndirən ikinci ifadənin də tərcüməsi yaxşı alınmır. «Полюбите меня черненьким, а беленьким меня кто угодно полюбит» (məni qara olduğum üçün sevin, ağ olsam hamı məni sevər). Bu ifadəni rus insanı təkrarlamağı sevir, bununla da öz mədəniyyətsizliyinə, murdarlığına, nəzakətsizliyə və oğurluğa haqq qazandırır. Bizdə düşünürlər ki, özünü süni də olsa mədəni insan kimi göstərmək, açıq – aşkar öz təbii əclaflığını nümayiş etdirməkdən daha pis və utancvericidir.

Bunları başqa harda yazmaq mümkündür? Ancaq Nikkidə, onu da, şükür Allaha ki, heç kim oxumayacaq. Yoxsa səni rusofobiyada günahlandırarlar və bütün ruslar əsəbləşərlər və hətta deyərlər ki, bu cür iyrəncliyi ancaq “Fandorin” kimi qeyri-rus soyadlı insan yaza bilər.

Leave a comment